Prezident İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq.
Hafta.az xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarından izləmək mümkün olacaq.
***
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb.
İki gün davam edəcək forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.
***
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb.
***
Moderator: Zati-aliləri, hörmətli qonaqlar, mətbuat nümayəndələri, IV Şuşa Qlobal Media Forumunda sizi çox səmimiyyətlə salamlayırıq. Əvvəlcə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, ayırdığınız vaxta, bu gün buradakı himayənizə və əlbəttə ki, beynəlxalq media ilə açıq və səmimi dialoq imkanına görə Sizə təşəkkürümü bildirirəm.
Bir sözlə, bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.
Cənab Prezident, Forumun artıq dördüncü ildir ki, keçirilməsini necə görürsünüz?
Prezident İlham Əliyev: Əvvəlcə, burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir.
Moderator: Çox sağ olun. Son dörd il ərzində Forumun necə inkişaf etdiyini görmək böyük təəssürat bağışlayır. Bir daha çox sağ olun. İndi isə müvafiq şəraiti Sizin üçün yaratmaq məqsədilə bildirim ki, informasiya heç zaman görünmədiyi qədər tez yayılır. Bununla belə, etimadı qazanmaq get-gedə daha da çətinləşir. Bu gün jurnalistlər və siyasətçilər yalan məlumatın, parçalanmanın, süni intellektin, sürətlə formalaşan rəqəmsal platformaların təsir göstərdiyi dövrdə yaşayırlar. Bu səbəbdən belə söhbətlərin və forumların əhəmiyyəti get-gedə artır. Jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq kimi rolundan başqa, onların anlaşmanı qurmaq, dialoqu həvəsləndirmək və yekun nəticədə sülhə töhfə vermək kimi imkanları var. Bu səbəbdən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” builki forumun mövzusu seçilmişdir.
Qısaca özümü təqdim edim: Mənim adım Laura Bakveldir və mən “Euronews”un yayım jurnalistiyəm. Təsəvvür edə bilərsiniz ki, növbəti bir neçə gün ərzində bizim gündəliyimiz zəngindir və biz Zati-aliləri cənab Prezidentlə açıq dialoqa başlayırıq. Növbəti bir neçə saat ərzində suallarınız üçün sözü sizlərə verəcəyik. Məndə adlardan ibarət uzun siyahı var və onlara cavab vermək üçün bizim xeyli vaxtımız olacaq. Adını çəkdiyim zaman xahiş edirəm suallarınızı qısa edin və mahiyyətə uyğun olsun ki, digərləri də vaxtdan yararlansınlar. Sosial şəbəkə kanalınızda bölüşmək istəsəniz, xahiş edirəm, bu istinaddan istifadə edin.
Beləliklə, biz ilk media nümayəndəmiz ilə başlayırıq. Mən məmnunluqla Hudson İnstitutun baş araşdırmaçısı cənab Ken Moriyasuya söz verirəm. O, buradadır. Ümid edirəm, mikrofon hazırdır.
Ken Moriyasu: Sağ olun, cənab Prezident. Mənim adım Ken Moriyasudur. Mən Hudson İnstitutunu təmsil edirəm.
Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nadir coğrafi mövqeyə malikdir. Lakin Qırmızı dənizdə və Hörmüz boğazında son pozulmalar dünyaya dəniz ticarətinin zəifliyini xatırlatdı. Sizcə, quru dəhlizlərin dəniz marşrutları qədər strateji əhəmiyyətə malik olacağı dövrə qədəm qoyuruqmu? Əgər belədirsə, Siz Azərbaycanın növbəti onillikdə rolunu necə görürsünüz? Çox sağ olun.
Prezident İlham Əliyev: Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.
Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi.
Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq. Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.
Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq.
Moderator: Çox sağ olun. Dialoqumuzu başlamaq üçün əla sualdır. Cənab Ken Moriyasu, bir daha çox sağ olun. İndi isə keçirik cənab Yusuf Özhana. O, Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktorudur. Bəli, mikrofonu təqdim edin. O, burada ikinci cərgədə əyləşib. Başlayaq.
Yusuf Özhan: Cənab Prezident, bu gün burada bizi qəbul etdiyinizə görə çox sağ olun. Bilmirəm, ingilis dilində bu cür kəlam var yoxsa yox, lakin türk dilində, biz bir almanın iki hissəsiyik. Beləliklə, Türkiyə və Azərbaycan dövlətləri bir almanın iki hissəsidir. Sizin Türkiyə xalqına mesajınız nə olardı? Çox sağ olun.
Prezident İlham Əliyev: Bilirsiniz, Türkiyə və Azərbaycan kimi iki ölkəyə mesaj yalnız dostluq və qardaşlıqdır. Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.
Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı.
Bir sözlə, biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik. Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar.
Moderator: Çox sağ olun. Çox gözəl sual idi və Prezidentin təəssürat bağışlayan bəyanatı oldu. Çox sağ olun. Davam edək. Növbəti nümayəndə cənab Kristian Auqustin Nikolesku Taqalisdir. O, senatordur, hüquqşünasdır və Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.
Kristian Auqustin Nikolesku Taqalis: Zati-aliləri, mən etiraf etmək istərdim ki, Azərbaycana üçüncü dəfədir səfər edirəm və ötən il eyni vaxtda mənə gözəl ölkənizin ən yüksək və ən gözəl dağ zirvəsinə - Heydər Zirvəsinə qalxmaq nəsib oldu. Nəinki Azərbaycanın təbii gözəlliyi, həmçinin ölkənizin innovasiya, rəqəmsal idarəçilik və bərpaolunan enerji kimi bir çox sahələrdə əldə etdiyi gözəl tərəqqi mənə xoş təəssürat bağışlayır. Son illər ərzində Azərbaycan regional və beynəlxalq səviyyədə öz strateji mövqeyini inkişaf etdirmək, onu gücləndirmək kimi maraqlı prosesdən keçdi. Bununla belə, Avropa İttifaqı ilə münasibətlər enerji təhlükəsizliyinə, regional bağlantılara və ticarətə yönələn olduqca praqmatik xarakter daşıyır.
Özünün işğal olunmuş ərazilərini azad etməklə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezident, bu cür nailiyyət Sizin bu məsələnin həllində göstərdiyiniz liderlik keyfiyyətlərinizə əsaslanır. Siz, həmçinin Azərbaycanı əsas regional iştirakçılardan birinə çevirdiniz. Beynəlxalq səhnədə nüfuzlu üzv kimi ölkəniz fəal iştirakı, əməkdaşlığa verdiyi töhfəsi ilə dialoqu təşviq edir və regionlar arasında körpülər salır. Eyni zamanda, Azərbaycan parlamentinin üzv olduğum Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə münasibətləri məsələsinə yenidən baxmaq zəruridir. Nəzərə alsaq ki, müxtəlif səbəblərə görə onlar dalana dirənib və əfsuslar ki, nəticədə Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasından çıxıb.
Ümidvar olduğumu bildirmək istərdim ki, iki tərəf arasında fərqlər aradan qalxacaq və Azərbaycanın nümayəndə heyəti AŞPA-da öz yerinə qayıdacaq. Cənab Prezident, Sizdən soruşmaq istərdim: nəzərə alsaq ki, ikitərəfli fayda var, həmin münasibətlərin yaxşılaşmasını necə görürsünüz? Fikrinizcə, Avropa təsisatı ilə daha sıx əməkdaşlıq üçün hansı addımlar atılmalıdır? Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Əvvəlcə, Azərbaycan haqqında söylədiyiniz xoş sözlərinizə görə çox sağ olun və ölkələrimiz arasında dostluğa verdiyiniz şəxsi töhfəyə görə minnətdaram. Siz Avropa təsisatları, o cümlədən Avropa Komissiyası və Avropa Şurasının Parlament Assambleyası ilə münasibətlərimizdə bir sıra vacib məqamları qeyd etdiniz. Bildiyiniz kimi, onlarla münasibətlərdə böyük fərq var. Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb. O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustlaqlığında olan rus-erməni oliqarxından gəlirdi.
Bir sözlə, bu, Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupunun uzun zənciridir. Yaxşı haldır ki, cənab Borrel hazırda siyasətdə deyil. Ümid edirik, əbədi gedib. Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.
Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər. Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir. Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük və mən şəxsən təəssüf edirəm. Çünki mən 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam və iki il orada işləmişəm. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur.
Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?
Yeri gəlmişkən, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.
Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir. AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir.
Bilmirəm, orada olmaq bəlkə də daha yaxşı olardı. Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir. Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir. Beləliklə, əlbəttə, həmin təsisatlarla toqquşma deyil, normal münasibətlərin olması daha yaxşıdır. Amma bir daha deyirəm ki, bu, bizim seçimimiz olmayıb. Biz Avropa Şurasına 2001-ci ildə könüllü şəkildə qoşulmuşuq.
O vaxtlar həmin təşkilat fərqli idi və ümumiyyətlə, Avropa başqa idi. Biz Avropaya o istəklə və ümidlə daxil olurduq ki, üzvlük bizə əsas məsələnin - Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək edəcək. Bir daha hesab edirəm ki, həmin məsələ ilə bağlı auditoriyanın çox vaxtını almaq istəmirəm.
Bununla belə, əhatəli sualınızı nəzərə alaraq, sizi və auditoriyanı nəyin baş verdiyi və nəyin görülməli olduğu haqqında məlumatlandırmaq istədim. Biz normallaşmaya hazırıq və ilk addımı onlar atmalıdırlar. Sağ olun.
Moderator: Bu cür təfərrüatlı suala və bu cür təfərrüatlı cavaba görə çox sağ olun. Beləliklə, indi keçirik Xəzər Universitetində siyasi elmlər üzrə professor, cənab Ramiz Yunusa.
Prezident İlham Əliyev: O, Birləşmiş Ştatları təmsil edir.
Moderator: Bəli, Birləşmiş Ştatlardandır.
Prezident İlham Əliyev: Bəli, bəli. O, uzun illər orada yaşayıb.
Ramiz Yunus: Hörmətli cənab Prezident, Sizi Azərbaycanın Qarabağ regionunda yenidən görmək böyük şərəfdir. Bu cür mühüm beynəlxalq tədbirə dəvətinizə görə çox sağ olun. Mənim iki sualım var. İlk sualım Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərə aiddir. Cənab Prezident, 907-ci düzəliş 30 ildən artıq müddətdə ABŞ Konqresi tərəfindən qəbul olunmuşdur. Bu gün həmin düzəlişi necə dəyərləndirirsiniz və onun hazırkı Prezident Trampın administrasiyası dövründə tam ləğvi üçün real imkan görürsünüzmü? İkinci sualım. Bu gün Azərbaycan orta güc və Cənubi Qafqazın lideri kimi geniş şəkildə tanınır. Fikrinizcə, cənab Prezident, kiçik dövlət və orta güc arasında bugünkü dünyada əsas fərq nədədir? Bir daha çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Birincisi 907-ci düzəliş haqqında deyim. Siz onu çox yaxşı bilirsiniz. Bəlkə də hər kəs onunla tanış deyil. Bu, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi. O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi Azadlığa Dəstək Aktını qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi. Həmin vaxt o, senator idi və ola bilsin, bu göstərir ki, nəyə görə bizim Bayden administrasiyası ilə bu qədər çox çətinliklərimiz oldu.
Buna səbəb təsvir edildiyi kimi, Azərbaycanın Ermənistana qarşı blokadası idi. İlk olaraq bu, düz deyil. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistan ərazimizi işğal edib və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşir. Beləliklə, işğal olmasaydı, blokada, həmçinin olmazdı.
İkincisi, bunu həmin vaxt görmək bizim üçün, əlbəttə, ağrılı idi, çünki ölkə çox yoxsul idi. Biz yeganə keçmiş sovet respublikası idik ki, ABŞ Konqresinin ayrı-seçkiliyinə məruz qaldıq. Bu gün həmin düzəliş tamamilə köhnəlib. Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı.
İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.
Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır. Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır.
Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar. Çünki biz artıq ayrı-seçkiliyə məruz qalmayacağıq və ABŞ Konqresi isə məsuliyyəti, səhvləri etiraf etmək bacarığını, cari geosiyasi vəziyyətə uyğun hərəkət etdiyini göstərə biləcək. Ümid edirik, bunlar baş verəcək. Amma yenə də sizə deyə bilərəm ki, bu günün Administrasiyası ilə həmin 907-ci düzəliş hər hansı mənfi təsirə malik deyil.
Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər haqqında soruşdunuz. Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.
Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir.
Orta güclə bağlı ikinci sualınıza gəldikdə, bəli, mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur.
Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm.
Moderator: Çox gözəl sual idi və cavabda da mühüm məqamlar var. Buna görə Sizə çox təşəkkür edirəm.
İndi isə növbəti sualımıza keçirik. Söz İordaniyanın Kommunikasiya Nazirliyinin Baş katibi Zeyd əl-Nəvaysehə verilir.
Zeyd əl-Nəvayseh: Cənab Prezident, bu dördüncü mühüm Qlobal Forumun işində iştirak etmək üçün bizə yaradılan fürsətə görə təşəkkür edirəm. Mən öz ölkəm İordaniyaya qayıdanda böyük sürətlə inkişaf edən bu gözəl ölkə və onun hər zaman təbəssümlü, xeyirxah, qonaqpərvər xalqı haqqında ən xoş təəssüratları özümlə aparacağam. Eyni zamanda, Zati-alilərinizin və Əlahəzrət Kral II Abdullahın himayəsi altında olan ölkələrimiz arasındakı münasibətlərdən qürur duyur və bu əlaqələrin hər zaman davamlı olaraq inkişaf etməsini arzulayırıq.
Cənab Prezident, ölkəniz İslam həmrəyliyinin möhkəmləndirilməsi və gücləndirilməsi istiqamətində göstərdiyi daimi səylər çərçivəsində gələn il İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə, həmçinin İƏT İnformasiya Nazirlərinin Konfransına ev sahibliyi edəcək. Sualım belədir: Sizcə, Azərbaycanın mütəmadi olaraq ev sahibliyi etdiyi bu mötəbər tədbirlər xüsusilə dünyanın və konkret olaraq regionun yaşadıqları hazırkı gərgin atmosfer fonunda, İslam həmrəyliyinin gücləndirilməsinə necə töhfə verəcək? Təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Siz də qeyd etdiyiniz kimi, bizim Əlahəzrət Kral ilə qardaşlıq münasibətlərimiz var və ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Yəqin bilirsiniz ki, bir neçə gün öncə mən İordaniyanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul etdim. O, öz həmkarı ilə ətraflı danışıqlar apardı, daha sonra isə mənimlə görüşdə əlaqələrimizin gələcək inkişafı, regional təhlükəsizlik və regional çağırışlarla bağlı fikir mübadiləmiz oldu. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb.
Tamamilə haqlısınız ki, biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq.
Azərbaycanın rolu hər zaman yüksək qiymətləndirilib. Biz müxtəlif dövrlərdə müxtəlif aktorların iştirakı ilə vacib rol oynamışıq. Bizim rolumuz hər zaman konstruktiv və nəticəyönümlü olmuş, gərginliyin azaldılmasına hesablanmışdır. Yeri gəlmişkən, biz bu imkanlarımızı Qoşulmama Hərəkatına sədrliyimiz dövründə nümayiş etdirdik. Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının üzvləri həm də Qoşulmama Hərəkatının üzvləridir. 120 ölkəni birləşdirən Hərəkat Azərbaycanın sədrliyini tam dəstəklədi. Biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçildik. Üstəlik, sədrliyimizin müddəti də bütün ölkələrin yekdil qərarı ilə daha bir il uzadıldı. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaq istiqamətində oynadığımız müsbət rolun yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Məhz bu potensial COP29-a sədrliyimiz dövründə mühüm qərarların razılaşdırılmasında da bizə böyük dəstək oldu. Bu, daha mürəkkəb bir proses idi. Çünki tamamilə fərqli baxışlar, ziddiyyətli mövqelər və ciddi fikir ayrılıqları mövcud idi. Lakin buna baxmayaraq, biz buna nail olduq. Bu gün COP29-un irsi gələcək bütün COP konfransları və qlobal yaşıl gündəlik üçün mühüm əhəmiyyət kəsb edir. Sammitədək olan dövrdə və sammit zamanı malik olduğumuz bütün imkanları və potensialı bu məqsədlərə nail olmaq üçün səfərbər edəcəyik. Biz həmrəylik nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik. Nə qədər uğurlu olacağımızı demək çətindir. Həm də gələn ilin yayına dünyada və regionumuzda vəziyyət necə olacaq? Bunu söyləmək də çətindir. Lakin ümid edirəm ki, İordaniya, Azərbaycan və sülhü, sabitliyi, təhlükəsizliyi öz gündəliyinin əsas prioriteti hesab edən həmfikir ölkələr səylərini birləşdirərək müsbət nəticələrə nail olacaqlar.
Moderator: Çox sağ olun. İndi isə sözü Bostondakı həmkarım Ceyn Vizerspun, “Euronews” telekanalının Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə idarəedici redaktoruna veririk. Buyurun, Ceyn.
Ceyn Vizerspun: Təşəkkür edirəm, Laura. Cənab Prezident, Sizinlə yenidən Şuşada görüşməkdən məmnunam. Bizi bir daha bu möhtəşəm tədbirə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Siz bir qədər əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və əlbəttə ki, Antonio Koştanın Azərbaycana son səfərlərindən bəhs etdiniz. Qaz ixracına gəlincə, görürük ki, Azərbaycan artıq 16 ölkəyə qaz tədarük edir. Onlardan 14-ü Avropa ölkəsidir və bu il Avstriya ilə Almaniya da həmin ölkələr sırasına qoşulub. Bu iki ölkə sizin üçün nə baxımdan xüsusi əhəmiyyət kəsb edir? İkinci sualım isə Avropa İttifaqı ilə münasibətlərə aiddir. Bu münasibətlərin gələcək inkişafını necə görürsünüz? Siz qeyd etdiniz ki, belə əlaqələr hər iki tərəf üçün qarşılıqlı fayda gətirir.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizi yenidən görməyimə çox şadam. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Bəli, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Bəli, hazırda biz boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edirik və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik.
Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bizim hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialımız var. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından – bizim "ACG Deep Gas" adlandırdığımız layihə çərçivəsində hasilata başladıq. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilat artacaq.
Bununla yanaşı, bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik.
Qaz nəqli infrastrukturumuz 2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsindən əvvəl mövcud olan şərait nəzərə alınmaqla layihələndirilmiş və inşa edilmişdi. Boru kəmərlərinin ötürmə qabiliyyəti hasilat proqnozlarımıza və qaz yataqlarının işlənməsi sürəti üzrə strategiyamıza uyğun müəyyən edilmişdi. Çünki qaz ehtiyatlarını istər 10 il, istərsə də 100 il ərzində hasil etmək mümkündür. Burada əsas məsələ ondan ibarətdir ki, bizim üçün hansı yanaşma daha məqsədəuyğundur: hasilatı onilliklər ərzində sabit səviyyədə saxlamaq, yoxsa daha böyük sərmayələr yatıraraq hasilatı qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq.
Lakin Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qazına tələbat kəskin şəkildə artdı. Avropa Komissiyası bizə müraciət edərək hasilatı mümkün qədər tez artırmaq üçün əlimizdən gələni etməyimizi xahiş etdi və biz bunu etdik. Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidentinin Azərbaycana son səfəri zamanı da qeyd olundu ki, 2022-ci ildən bəri Avropa İttifaqına qaz tədarükümüzü 65 faiz artırmışıq və bu göstərici gələcəkdə də artacaq.
Buna görə də mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi zəruridir. Lakin bu istiqamətdə əsas maneə Avropa İttifaqının yaşıl gündəliyidir. Avropa maliyyə institutları faydalı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsində maraqlı deyillər.
Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti haradan cəlb edilməlidir. Digər, bəlkə də daha mühüm məsələ isə uzunmüddətli müqavilələrdir. Bu barədə biz xanım Ursula Fon der Lyayenlə də ətraflı fikir mübadiləsi apardıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var. Çünki hasilatı əhəmiyyətli dərəcədə artırmaq üçün irihəcmli investisiyalar tələb olunur. Əgər müəyyən vaxtdan sonra bizə "təşəkkür edirik, artıq qazınıza ehtiyacımız yoxdur" deyilərsə, onda biz nə edəcəyik?
Bunlarla yanaşı, bazarların şaxələndirilməsi də mühüm əhəmiyyət daşıyır. Əvvəllər heç nəzərdə tutmadığımız bir bazara - Suriyaya qaz ixracına başlamışıq və buradan yüksək tələbatın mövcud olduğu qonşu bazarlara çıxış imkanlarımız da var. Ona görə də Avropadakı tərəfdaşlarımızla münasibətlərdə bizim üçün iki məsələ xüsusi əhəmiyyət kəsb edir: uzunmüddətli müqavilələrin bağlanması və mövcud qaz nəqli sisteminin genişləndirilməsi istiqamətində birgə fəaliyyət.
Avropa Komissiyası ilə münasibətlərə gəldikdə isə bu barədə fikirlərimi artıq bölüşmüşəm. Biz bu münasibətlərin mövcud səviyyəsindən çox məmnunuq. Hesab edirəm ki, Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin və Avropa Komissiyası rəhbərliyinin Azərbaycana səfərlərinin intensivliyi də misli görünməmiş xarakter daşıyır. Çünki bu ilin mart ayından iyul ayınadək ölkəmizə Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi səfər ediblər. Bütün bu səfərlər son dərəcə uğurlu keçdi, çox müsbət nəticələr oldu və həm ikitərəfli münasibətlərimiz, həm də qlobal gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Yenidən Qarabağa xoş gəlmisiniz, Ceyn.
Moderator: Sual üçün söz verilir “BreitBar Nyus”dan Coşua Klayna.
Coşua Klayn: Cənab Prezident, burada olduğunuz üçün təşəkkür edirəm.
Prezident Tramp dəfələrlə bəyan edib ki, ABŞ-nin gücü və diplomatiyası Cənubi Qafqazda vəziyyətin dəyişməsində mühüm rol oynayıb. Sizcə, Prezident Tramp əvvəlki ABŞ administrasiyalarından fərqli olaraq sülhün mümkün olmasına hansı töhfələri verdi? Həmçinin qarşıdakı illərdə ABŞ–Azərbaycan münasibətlərinin inkişafını necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bəli, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi.
Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir.
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu.
Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Qeyd etdiyim kimi, Prezident Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq.
Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq.
Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu.
Qeyd etdiyim kimi, Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri idi və onun regiona baxışı da məhz belə idi. Onun yanaşmasına görə, region parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Belə vəziyyətdə məqsədlərinə nail olmaq daha asan olurdu. Prezident Tramp isə tamamilə fərqli şəxsdir və fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda, bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək. Şəxsən Prezident Trampa və onun komandasına dərin minnətdarlığımızı bildiririk. Xüsusilə Stiv Uitkoffun və Arye Laytstounun adlarını qeyd etmək istərdim. Onlar Prezident Tramp ilə birlikdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynayıblar.
Moderator: Sualınıza görə çox təşəkkür edirik. İndi isə sözü bu gün bizimlə birlikdə olan “LinkedIn” şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA), həmçinin Latın Amerikası regionları üzrə dövlət sektoru və NFP satışlarının rəhbəri cənab Şeymus Klensiyə veririk.
Şeymus Klensi: Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident. Mən “LinkedIn”də dövlət sektoru ilə əməkdaşlığa rəhbərlik edirəm. Bu yaxınlarda biz Mərkəzi Asiya üzrə fəaliyyətimizi yerli tərəfdaşımız olan “HR Institute” vasitəsilə Azərbaycanda mərkəzləşdirdik.
Son iki il ərzində Azərbaycan Hökuməti, AZCON, UBOK və ABB Bank ilə əməkdaşlıq edirəm və bu müddətdə ölkənin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımların ilhamverici olduğunu müşahidə etmişəm. Bu baxımdan bir sual vermək istərdim. Sizin fikrinizcə, ölkə əmək bazarı və insan kapitalı baxımından, ilk növbədə, hansı istiqamətə diqqət yetirməlidir? “LinkedIn” kimi bir tərəfdaş bu inkişaf yolunda Azərbaycana necə dəstək verə bilər?
Prezident İlham Əliyev: Hansı tərəfdaş şirkətdənsiniz?
Şeymus Klensi: “LinkedIn”.
Prezident İlham Əliyev: Gündəliyimizdə kifayət qədər geniş məsələlər var. Onlardan hər hansı birini birinci, ikinci, üçüncü və dördüncü sıraya yerləşdirmək çətindir. Qlobal gündəliyimizdə dayanan əsas məsələlərdən biri davamlı inkişafın təmin edilməsi, Qarabağın bərpası və yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşmasına xidmət edəcək bütün layihələrimizin uğurla tamamlanmasıdır. Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.
Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var.
Əlbəttə, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik.
Mövcud şəraitdə isə yəqin ki, bir nömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Çünki təhlükəsizlik məsələləri və təhdidlər bizim region üçün kitablardan oxuduğumuz anlayışlar deyil – biz bu reallıqla hər gün üz-üzəyik.
Beləliklə, gündəliyimiz kifayət qədər genişdir. Bunu bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, əsas məqsədimiz müdafiə potensialımızı gücləndirmək, milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır. Təşəkkür edirəm.
Moderator: İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı çox maraqlı sual idi.
İndi isə sözü “Əl-Ərəbiyə” telekanalının aparıcısı xanım Leal Al Kateerə veririk.
Leal Al Kateer: Sabahınız xeyir. Təşəkkür edirəm, cənab Prezident. Sizi yenidən görmək çox xoşdur. Mən ötən il həm Bakıda, həm də Şuşada olmuşdum və bu müddət ərzində Şuşada görülən böyük inkişafın şahidi oldum. İlk növbədə, bu münasibətlə Sizi təbrik edirəm. Hazırda Yaxın Şərqdə görünməmiş dərəcədə mürəkkəb vəziyyət yaranıb və Azərbaycan İranla həmsərhəd ölkədir. Birinci sualım belədir: Sizcə, İranla uzunmüddətli sülhə nail olmaq mümkündürmü? İkinci sualım isə bundan ibarətdir ki, regionda gərginliyin daha da genişlənməsi fonunda, İran və Amerika Birləşmiş Ştatları arasında baş verən qarşıdurmanın təsirlərindən sərhədlərinizi qorumaq üçün gələcək planlarınız nədən ibarətdir? Çünki burada söhbət yalnız Yaxın Şərqdən getmir, sanki bütün dünya ABŞ-İran müharibəsində iştirak edir.
Prezident İlham Əliyev: Çox sağ olun. Sizi yenidən görməyə çox şadam. Gəldiyiniz üçün təşəkkür edirəm. Həqiqətən də biz hazırda müharibələrin əhatəsində yerləşən bir bölgədəyik. Şimalımızda müharibə vəziyyətində olan bir qonşumuz, cənubumuzda isə müharibə aparan digər qonşumuz var. Biz isə onların arasında yerləşirik. Əlbəttə ki, belə bir şəraitdə ölkəmizi qorumaq və eyni zamanda, imkan daxilində, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Hesab edirəm ki, bunu təkcə biz deyil, həm də bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün əllərindən gələni edən vasitəçi ölkələr də düşünürlər. Xüsusilə Pakistanı, əziz dostum Baş nazir Şahbaz Şərifi və Feldmarşal Asim Muniri qeyd etmək istərdim. Onlar Amerika Birləşmiş Ştatları ilə İran arasında vasitəçilik səylərində həqiqətən böyük iş gördülər və mühüm uğur qazandılar.
Təəssüf ki, bu, uzun sürmədi. Lakin ümid edirəm ki, hazırkı münaqişənin alovlanması da uzun sürməyəcək. Ona görə də mən əminəm ki, sülh mümkündür. Əks təqdirdə, buna inanmadan yaşamaq çox çətin olar.
Düşünürəm ki, əsas məsələ sülh əldə edildikdən sonra regionun necə görünəcəyi olacaq. Bu baxımdan müxtəlif ssenarilər və müxtəlif variantlar mövcuddur. Təbii ki, bir çox ölkələr öz strateji baxışlarına uyğun siyasət yürüdürlər. Azərbaycana gəldikdə isə, bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh şəraitində yaşadığınız halda sərhədləriniz boyunca döyüşlər gedirsə, siz heç vaxt özünüzü təhlükəsiz hiss etmirsiniz.
Azərbaycanda cəmi bir ildən az müddətdir ki, sülh şəraitində yaşayırıq. Biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik.1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu və bundan sonra biz münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq. Lakin bu, mümkün olmadı.
Sonra biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik. Biz dayandıq və bu, çox vacib idi. Düşünürəm ki, silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra ən vacib məqamlardan biri məhz vaxtında dayanmağı bacarmaqdır. Bu, asan deyil və biz bunu yaxşı anlayırıq. Biz 30 il qəlbimizdə bu yara ilə yaşamışıq. Lakin dayanmalı olduğumuz anda dayandıq.
Biz müharibəni sonsuz etməmək üçün dayandıq. Başqa seçimlərimiz də ola bilərdi. Lakin məsuliyyət və müdriklik tələb edirdi ki, biz dayanaq. Çünki dayanmasaydıq, Ermənistanla müharibə davam edəcəkdi. Bəlkə də, aşağı intensivliklə davam edən bir müharibəyə çevriləcəkdi. Müəyyən vaxtdan sonra yenidən alovlanacaq, sonra yenidən səngiyəcəkdi və insanlar həlak olacaqdılar.
Ona görə də Yaxın Şərqdə də silahlı qarşıdurmanın ən qızğın mərhələsi başa çatdıqdan sonra Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər və İran dayanmalıdırlar. Əlbəttə, biz ermənilərin xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların şəhərlərimizi necə dağıtdıqlarını, günahsız qadınları və uşaqları necə qətlə yetirdiklərini, Xocalıda soyqırımı törətdiklərini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq.
Lakin, eyni zamanda, başa düşürük ki, sülh nail olunmalı olan ən ali məqsəddir. Buna görə də hesab edirəm ki, burada çoxlu psixoloji və emosional amillər, cavab vermək, qisas almaq istəyi olacaq. Mənim qonşularımıza mesajım məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və bu prosesi qlobal münaqişəyə çevriləcək səviyyəyədək eskalasiya etdirməməkdir. Bu, çox böyük təhlükədir və mən hər kəsi məsuliyyətli olmağa çağırıram. Ümid edirəm ki, dostlarımızın, bir daha qeyd edirəm, Pakistanın vasitəçilik səyləri qarşıdurmanın dayandırılması ilə nəticələnəcək.
Moderator: Beləliklə, Avropadan ABŞ-yə, oradan isə Yaxın Şərqə keçdik. İndi isə Afrikaya üz tuturuq. Növbəti sualı vermək üçün bu gün bizimlə birlikdə olan “Voice of Congo” media qurumunun baş direktoru cənab Sedrik Monzye Ayunduya söz veririk.
Sedrik Monzye Ayundu: Cənab Prezident, mən Konqo jurnalistiyəm. Azərbaycana və Bakı Təşəbbüs Qrupuna səsləri təcrid olunan, fikirləri bilərəkdən səhv verilən və ya qlobal media gündəliyindən məhrum edilən xalqlar və icmalara beynəlxalq platformanı yaratdıqlarına görə dərin təşəkkürümü bildirmək istəyirəm. Fransa uzun müddət özünü demokratiya, insan hüquqları və ifadə azadlığının carçısı kimi təqdim edib. Lakin onun dəniz ərazilərində və bir çox digər regionlarda müstəmləkə qalıqları hələ də hiss olunur və yerli icmalar reallığı təşviq edəndə ciddi çətinliklərlə üzləşir. Onların ləyaqət, mədəni özünəməxsusluğu, siyasi hüquqları və öz müqəddəratını təyin etmək hüququ tez-tez hökmranlıq edən təfsirlərlə süzgəcdən keçirilir, müstəqil səslər kənara sıxışdırılır. Bundan əlavə, həmin icmalara dəstək verməyə, Bakı Təşəbbüs Qrupu kimi təşkilatlarla əməkdaşlıq etməyə çalışanlara ədalətsiz olaraq hibrid döyüşçülər adı verilir, yalnız ona görə ki, onlar artıq qəliblənmiş müstəmləkə söhbətlərini sual altına çəkir və rahat olmayan həqiqəti beynəlxalq ictimaiyyətə çatdırır.
Bu gün dünyada informasiya üzərində nəzarət siyasi və ya iqtisadi nəzarət kimi güclü ola bilər. Cənab Prezident, Sizin fikrinizcə, müstəqil media nümayəndələri sadəcə reaksiya deyil, sözün əsl mənasında müstəmləkə və neo-müstəmləkə hekayətlərini necə dəyişə bilər və hüquqları, tarixi, istəkləri uzun müddət səhv verilmiş yaxud susdurulmuş xalqlar üçün daha güclü, daha inandırıcı beynəlxalq mövqeni necə qura bilər?
Prezident İlham Əliyev: Bilirsiniz, biz Avropa Şurasına qəbul olunarkən mən Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim və Strasburqa gəlmişdim. Nümayəndə heyətimizin Avropa Şurası rəhbərliyindən eşitdiyi ilk fikirlərdən biri bu idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab edilə bilməz. Biz yaxşı tələbələr idik və bunu öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə əsarəti və müstəmləkəçilikdən irəli gələn bərabərsizlik məsələlərini qaldıranda, onlar ittiham olunurlar. Təkcə onlar deyil, hətta Azərbaycan Hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz belə etmirik.
Çünki insan hüquqları ilə bağlı məsələlər ümumbəşəri məsələlərdir. Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir. Hesab edirəm ki, müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır.
Siz çox mühüm bir məsələyə toxundunuz. Uzun illər ərzində Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə mövcud problemlərlə bağlı eşidilən o çox zəif səslər koordinasiyalı şəkildə aparılan hücum qruplarının təzyiqi nəticəsində susdurulurdu. Onlara qarşı təzyiqlər göstərilir, hədələr edilirdi. Hətta mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər saxlanılıblar. Yeri gəlmişkən, onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıblar. Onlardan bəziləri hətta həbs olunublar. Bütün bunlar isə insan hüquqlarından danışan, dünyaya demokratiyanın nə olduğunu öyrətməyə çalışan şəxslərin gözü qarşısında baş verir. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Bunu nəzərə almaq lazımdır. Demək istədiyim odur ki, Azərbaycana hücum etmək istəyənlər bizi lazımınca qiymətləndirmədilər.
Lakin bir daha qeyd etmək istəyirəm ki, bu məsələ Bakı Təşəbbüs Qrupunun fəaliyyət çərçivəsindən qat-qat genişdir. Hesab edirəm ki, medianın rolu olduqca mühümdür. Siz də qeyd etdiyiniz kimi, buna görə sizə bir daha təşəkkür edirəm. Media, mən deyərdim ki, bu müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət nümayiş etdirməlidir. Çünki söhbət bizim Fransa ilə münasibətlərimizdən getmir.
Bilirsiniz, Fransa ilə münasibətlərimizə gəlincə, bəli, Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma “Dağlıq Qarabağ”ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir. XXI əsrdə sizdən 10 min kilometr uzaqlıqda yerləşən müstəmləkəyə sahib ola bilməzsiniz, xüsusilə də həmin ərazidə yaşayan insanlar sizi istəmirlərsə. İnsanlar öz həyatlarını özləri qurmaq istəyirlər. Yeni Kaledoniyadan və ya digər ərazilərdən daha kiçik olan, lakin dövlətçiliyə malik, Birləşmiş Millətlər Təşkilatında səsini ucalda bilən və öz bayrağı olan çox sayda ölkə var. Nə üçün onlar da bu hüquqa malik olmasınlar?
Hesab edirəm ki, bu məsələ həm dövlətlərin, həm də vətəndaş cəmiyyətinin mövqeyini müəyyən edən mühüm bir sınaqdır. Düşünürəm ki, əgər dünyanın müxtəlif bölgələrində Bakı Təşəbbüs Qrupu kimi daha çox təşkilat fəaliyyət göstərsə, onlar belə qeyri-hökumət təşkilatlarının bir növ koalisiyasını yarada bilərlər. Həmin koalisiya isə bu problemlərin daha yüksək səslə gündəmə gətirilməsi və bu təzyiqə son qoyulması istiqamətində daha təsirli fəaliyyət göstərə bilər.
Söhbət təkcə Yeni Kaledoniyadan getmir. Belə ərazilərin bir çoxu hətta Avropanın özündə də mövcuddur. Korsikaya baxın, o, Avropanın lap mərkəzində yerləşir. Orada yaşayan insanlar öz həyatlarını özləri qurmaq istəyirlər. Öz dillərini qorumaq istəyirlər. Öz kimliklərinə hörmətlə yanaşılmasını istəyirlər. Onlar Fransa ərazisini işğal etmək niyyətində deyillər. Sadəcə olaraq əcdadlarının torpaqlarında ləyaqətlə, kənardan idarə olunmadan və xarici hökmranlıq olmadan yaşamaq istəyirlər.
Bilirsiniz, bu məsələlərə bu qədər həssas yanaşmağımızın səbəblərindən biri də odur ki, biz özümüz müstəmləkə şəraitində yaşamışıq. Biz XIX əsrdə müstəmləkəyə çevrildik və müstəmləkə kimi yaşadıq. Daha sonra Sovet İttifaqı yaradıldıqda isə biz müstəqil deyildik, Sovet İttifaqının tərkibində idik. Respublika idik? Bəli, amma heç bir real hüquqa malik olmayan bir respublika. Müstəmləkə kimi yaşamağın nə demək olduğunu da, azad olmağın nə demək olduğunu da tarixi yaddaşımızdan yaxşı bilirik.
Məsələn, XIX və XX əsrlərdə müstəmləkəçilik dövründəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etsəniz, aradakı fərqin gecə ilə gündüz qədər olduğunu görərsiniz. Onlar bizim yalnız sərvətlərimizi talayırdılar. Azərbaycandan milyardla barel deyil, milyard tonlarla neft hasil olunmuşdu. Sovet İttifaqı dağıldıqda isə biz təbii qazsız və elektrik enerjisiz qalmışdıq.
Bu gün də Bakının ətrafındakı çirklənmiş ərazilərin təmizlənməsi ilə məşğuluq. Sərvətlərimizi istismar edənlərin təbiətimizə vurduğu zərərin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyirik. Ötən otuz ildən çox müddətdə isə Azərbaycan, artıq qeyd olunduğu kimi, orta gücə malik dövlətə çevrilib. Məhz müstəqilliyin bəhrəsi budur. Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: “Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər”.
Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur. Məhz buna görə biz Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin müstəqilliyini, azadlığını dəstəkləyirik. Bir daha qeyd etmək istəyirəm ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur.
Bu məsələ yanlış şərh olunur və bəzən bizə qarşı istifadə edilir. Ümidvaram ki, mənim mesajlarım düzgün qəbul ediləcək və Parisdə də lazımi şəkildə dəyərləndiriləcək. Çünki hazırda biz münasibətlərimizin normallaşdırılması prosesindəyik.
Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hər hansı hücum deyil. Bu, iki suveren dövlət arasında işgüzar münasibətlərin təzahürüdür. Hər iki dövlət bərabərhüquqludur. Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Lakin öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır. Sizə uğurlar arzulayıram. Çox sağ olun.
Moderator: İnformasiyaya nəzarətin təsiri ilə bağlı çox maraqlı sual idi. Qarşıdakı iki gün ərzində müzakirə edəcəyimiz mövzu ilə də tam səsləşir.
İndi isə sözü “Media Gordon Ukraine”ın təsisçisi və jurnalisti Dmitri Qordona veririk. Dmitri ön sırada əyləşib.
Dmitri Qordon: Hörmətli cənab Prezident, icazə verin, əvvəlcə, milyonlarla ukraynalının adından Rusiyanın günahı ucbatından gözəl Ukraynanın məruz qaldığı qorxulu faciəyə göstərdiyiniz şəfqət və sırf insani münasibətə görə dost Azərbaycan xalqına və şəxsən Sizə minnətdarlığımı bildirim. Düz bir il əvvəl bu salonda Sizdən soruşdum: Ukraynaya nə məsləhət görərdiniz? Siz isə cavab verdiniz: İşğalı heç vaxt qəbul etməyin. Bir il keçdi və çox şey dəyişdi. Bu gün bütün dünya Krımın faktiki olaraq quru, dəniz və havadan mühasirəyə alındığını görür. Bu gün bütün dünya kilometrlərlə uzunluğunda benzin növbələri ilə ən zəngin neft istehsal edən ölkələrdən birini görür. Cəbhə xəttinin mahiyyətcə dəyişmədiyini, dəyişməz qaldığını görürük. Ukrayna dronlarının və raketlərinin Moskva və Sankt-Peterburqdan Sibirə qədər geniş ərazini vurduğunu görürük. Belə bir yeni vəziyyətdə bu gün Ukraynaya hansı məsləhəti verərdiniz? Bəlkə belə bir sual da verim: Mənim fikrimcə, artıq heç bir yaxşı çıxış yolu olmayan Putinə bu gün hansı məsləhəti verərdiniz?
Prezident İlham Əliyev: Sağ olun. Sizi yenidən görməyimə şadam. Dəvətimizi qəbul edərək Qarabağa yenidən səfər etdiyinizə görə sağ olun. Azərbaycan xalqının ukraynalılara, Ukraynaya münasibəti barədə söylədiyiniz xoş sözlərə görə də sağ olun. Bütün bunlar təmiz ürəkdən gəlir. Sizin ötənilki sualınıza və mənim tövsiyəmə gəldikdə, zənnimcə, nə Ukrayna xalqı, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq. Ukrayna bunu edir. O, işğalla barışmır. Bu il ərzində çətin məqamlar olsa da, biz gördük, bilirik və eşitdik ki, müəyyən dairələr mahiyyətcə işğalın qanuniləşdirilməsi, döyüş əməliyyatlarının dayandırılması şərti ilə təzyiq göstərirdi. Amma Ukrayna xalqı və onun rəhbərliyi bunu qəbul etmədi.
Qarşı tərəfə məsləhətlərə gəldikdə, əgər onlar məndən soruşsalar, əlbəttə ki, məsləhət verərəm. Amma indi, zənnimcə, sizin sualınız çərçivəsində bu məsləhətləri vermək o qədər də düzgün olmazdı. Amma vəziyyətə və davam edən hərbi əməliyyatların perspektivlərinə dair qiymətləndirməmə gəldikdə, düşünmürəm ki, bu, sizinkindən çox da fərqlənmir. Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir. Bu, işğal altında olan ərazilərini azad edən bir ölkəyə rəhbərlik edən və rəhbərlik etməkdə davam edən bir insanın mövqeyidir. Düşünürəm ki, bu təcrübə tarixdə olduqca nadirdir, çünki həm işğal, həm də kobud desək, Qarabağı təhvil verməyə məcbur etmək cəhdləri ilə bağlı təcrübəmiz var. Mən bunu dəfələrlə demişəm: ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi, ən azından onların Təhlükəsizlik Şurasının daimi üzvləri, mən bu termindən istifadə edirəm – dünyanın aparıcı dövlətləri olduqlarını nəzərə alsaq, bu mövqeyə müqavimət göstərmək olduqca çətin idi. İkinci Qarabağ müharibəsi başlayanda onların hamısı dərhal dayanmağı tələb edirdi. Bəziləri çox, digərləri az bezdirici şəkildə qorxudur, təhdid edir, zəng edirdilər. Amma hamısı istəyirdi ki, biz dayanaq, hər şeyi olduğu kimi saxlayaq. Bir məqamda bəziləri təklif edirdi: “Yaxşı, Füzuli azad edilib, amma dayanın”. Müxtəlif diplomatik mexanizmlərdən istifadə etməli olduq. Xarici işlər nazirimizi Moskvada, Vaşinqtonda və Avropada çoxsaylı görüşlərə göndərdim. Belə bir məqsəd var idi - Azərbaycanın öz ərazisini bərpa etməsinə imkan verməmək. Lakin bu məqsədə nail olunmadı, çünki xalqın iradəsini qırmaq mümkün deyil. Müstəqillik uğrunda mübarizə aparan, kimliyini qoruyan bir xalqı məğlub etmək, onları məhv etmək, başqalarının iradəsini zorla qəbul etdirmək mümkün deyil. Bu anlayış hələ də hərbi əməliyyatların davam etdirilməsi uğrunda çıxış edənlərə agah olmalıdır.
Prezident Zelenskinin mövqeyi mənə məlumdur. O, bu barədə ictimaiyyətə açıq danışıb. Aprel ayında bizi ziyarət edəndə, bu mövzu barədə - təmas xətti boyunca hərbi əməliyyatların dərhal dayandırılmasına dair ətraflı müzakirə aparmışıq. Bu təklifin hələ də nə dərəcədə aktual olduğunu bilmirəm, bunu demək mənim üçün çətindir, amma hər halda, o, bunu açıq şəkildə geri götürməyib.
Buna görə də düşünürəm ki, istənilən halda, Azərbaycanın mövqeyinə gəldikdə, o, dəyişməz olaraq qalır. Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq. Bu mövzuda çox danışmaq istəmirəm. Biz bunu sadəcə danışmaq üçün etmirik. Bu, sadəcə, ürəkdən gəlir. Bu, dövlətlərə və yeri gəlmişkən, təkcə onlara deyil, adi insanlara, kommersiya şirkətlərinə də aiddir. Yəni bu, ağır vəziyyətdə olanlara, əziyyət çəkənlərə, ərazi bütövlüyü pozulanlara yardım etmək və əlimizdən gələn hər cür köməyi göstərmək üçün vahid səydir.
Gəldiyiniz üçün bir daha təşəkkür edirəm.
Moderator: İndi isə növbəti qonağımıza – qlobal kommunikasiya şirkəti Yurovich Communications-ın baş icraçı direktoru, eyni zamanda Soxnut – Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri cənab Roman Yuroviçə söz veririk.
Roman Yuroviç: Sabahınız xeyir. Cənab Prezident, bu yüksəksəviyyəli və çox mötəbər forumun işində iştirak etmək imkanına görə çox sağ olun. Buraya hər bir gəlişim mənim üçün çox təsiredici və həyəcanvericidir.
Mən bunu soruşmaq istəyirdim. Son illərdə Bakı getdikcə daha vacib beynəlxalq təsir mərkəzinə, konstruktiv diplomatiya mərkəzinə çevrilib və bu, bütün dünyada qəbul edilir. Bu, təkcə iqtisadiyyata aid deyil, çünki Orta Yol həm dəniz, həm də quru yolu ilə Azərbaycandan keçir və bu, inkişaf edir. Bu, siyasətə də aiddir. Bir-biri ilə danışa bilməyən tamamilə fərqli ölkələrin liderləri, necə deyərlər, hansısa nəticəyə nail olmaq üçün onlara kömək xahişi ilə Bakıya müraciət edirlər. Amerika Birləşmiş Ştatları, İran, İsrail, Türkiyə, Suriya kimi ölkələr, Azərbaycanın onlara kömək edə, prinsipial məsələlərin həllinə təsir göstərə biləcəyini qəbul edirlər.
Mənim sualım bundan ibarətdir: Azərbaycanın torpağında, siyasi mədəniyyətində və rəhbərliyində mövcud olan nədir ki, o, ölkəyə ən mürəkkəb məsələlərin - bir-birinə etibar etməyən, lakin nədənsə Azərbaycana etibar edən ölkələrə təsir edən məsələlərin həlli üçün tanınmış beynəlxalq mərkəzə çevrilmək gücü verir? Sağ olun.
Prezident İlham Əliyev: İfadə etdiyiniz fikirlərə görə sağ olun, sualda da sizin bizim rolumuza verdiyiniz qiymət səsləndi. Amma burada, yəqin ki, sualın cavabı çox uzun olacaq. Amillər çoxdur.
Amma düşünürəm ki, etimadı birinci yerə qoyardım. Həm də Azərbaycanın səmimiyyətinə etimadı. Çünki qeyd etdiyiniz bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb. Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik.
Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub. Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda.
Buna görə də düşünürəm ki, etibar birinci yerdədir, məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı – hər halda, sızsa belə, bunun bizdən olmayacağı fikridir.
İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub.
Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər sadəcə vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir. Həm də bu, regional siyasət amilinə çevrilir. Buna görə də bu gün Azərbaycanın regional məsələlərdə, minimum regional məsələlərdə rolu təbii olaraq artır. Bu rol müsbətdir, konstruktivdir və mümkün olan yerlərdə kömək göstərmək üçün imkan daxilində yardımlara davam edəcəyik.
Həm də düşünürəm ki, həmçinin mühüm olan digər vacib amil də artıq bir az bəhs etdiyim məsələdir. Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edir və onların bir çoxu bir-birini o qədər də çox sevmir, bəziləri hətta müharibə vəziyyətindədir. Amma biz seçiləndə və üç il sonra da hamısı yekdilliklə Azərbaycana səs verdi. Çünki seçiləndə, demək olar ki, biz kampaniya apardıq, özümüz barədə yaxşı şeylərdən danışdıq, amma üç il ərzində dediklərimizin hamısını etdik. Üç ildən sonra yeni sədr seçməkdə çətinliklər yarananda bizə müraciət etdilər: “Gəlin səlahiyyət müddətini uzadaq”. Yenə də hamı yekdilliklə səs verdi. Eyni şey bu regional formatda da baş verir, insanlar bizə dürüstlüyümüzə və necə deyərlər, bizdə belə bir söz var – “ağzıbərk” olmağımıza görə etibar edirlər – elədir? Bunu rus dilinə necə tərcümə edəcəyimi bilmirəm, elə deyilmi? Ağzına qıfıl vurmaq - eləmi? Düşünürəm ki, buna görə də bizə belə münasibət var.
Moderator: Çox sağ olun. Daha bir maraqlı sual idi.
Moderator: İndi isə növbəti qonağımız, siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistr, Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti cənab Aleksey Naumova söz veririk.
Aleksey Naumov: Cənab Prezident, burada olmaq imkanı yaratdığınıza görə çox sağ olun. Bu, mənim üçün doğma olan yurda, Azərbaycana onuncu və Qarabağa ikinci səfərimdir. Cəmi bir neçə ildə baş verən transformasiyanı görmək heyrətamizdir. Bu, həqiqətən də ilhamvericidir. Çox sağ olun.
Sualım belədir: Cənab Prezident, dəfələrlə qeyd etmisiniz ki, Azərbaycanla Rusiya arasında münasibətlər qarşılıqlı dəstəyə, anlaşmaya və dostluğa əsaslanır. Prezident Putin də bildirib ki, hazırda Azərbaycanla münasibətlər yaxşıdır və mövcud olan obyektiv çətinliklərə baxmayaraq, xalqlarımızın xoşbəxtliyidən, onların aradan qaldırılmasına inanmaq üçün əsas var. Cənab Prezident, xahiş edirəm deyəsiniz, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətləri və hazırda öz inkişafının ən vacib mərhələlərindən birini yaşayan yeni Cənubi Qafqazda Rusiyanı necə görürsünüz? Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli, biz hamımız onları bilirik. Amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub: hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyaların həmsədrləri, Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm ikitərəfli formatda, həm də daha geniş coğrafiyada əhəmiyyətlidir. Onlar həm ənənəvi qarşılıqlı fəaliyyət sahələrini, həm də yarana biləcək yenilərini əhatə edir. Əlbəttə, burada nəqliyyat, ticarət və humanitar əməkdaşlıq mühüm rol oynayır.
Rusiyanın Cənubi Qafqazdakı roluna gəldikdə, bu barədə danışmaq mənim üçün çətindir, çünki bu konsepsiya, əgər Rusiya tərəfindən hələ hazırlanmayıbsa, yəqin ki, işlənib hazırlanmalıdır. Cənubi Qafqaz dəyişib, həm də əsaslı surətdə. Bu halda, bəlkə də demək olar ki, həmin məsələdə təkanverici rol oynayan İkinci Qarabağ müharibəsi olub. Bu müharibə artıq mövcud və ətalətli hesab edilən bir çox layı yerindən tərpədib.
Cənubi Qafqazda Azərbaycanın suverenliyinin tam bərpası, Ermənistanın Avropaya doğru səyləri və bu proseslə bağlı hər şeylə əlaqədar sonrakı inkişaflar - şübhəsiz ki, fikrimcə, bütün bunların bütövlükdə regiondakı analitiklər və hökumət rəsmiləri tərəfindən yenidən düşünülməsini zəruri edir. Əlaqələr olmadan, sanki nəbzi duymadan bunu etmək çox çətin olacaq. Çünki Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib. Başqa sözlə, bu, yeni mərkəzləri və bir daha fərqli istiqamətlərdə səyləri olan beş il əvvəlkindən tamamilə fərqli bir regiondur.
Ola bilər ki, onlar indi əvvəlkindən daha aydın görünür, amma bu regionla məşğul olanlar şübhəsiz ki, həmin tendensiyaları görüblər. Buna görə də istənilən xarici oyunçu üçün Cənubi Qafqazla bütövlükdə münasibətlər qurmaq çox çətin bir işdir, çünki bu region konsolidasiya olunmayıb. O, siyasi, iqtisadi və ya nəqliyyat baxımından inteqrasiya olunmayıb. Biz belə bir başlanğıc mərhələdəyik.
Həm də biz Qərb birliyi tərəfindən Ermənistana açıq meyletməni görəndə, həmin mesajları mən avropalı həmkarların da diqqətinə çatdırdım. Bu, bizim üçün suallar doğurdu, çünki biz coğrafiya, iqtisadi potensial və hər şey haqqında məlumatlıyıq və öz dəyərimizi də bilirik. Amma, belə deyək, Ermənistan praktik olaraq regionun əsas nəqliyyat mərkəzi kimi təqdim edildikdə, əlbəttə ki, böyük suallar yarandı, elə deyilmi? Tranzit ölkə kimi heç bir təcrübəsi olmayan bir ölkə, sən demə, birdən-birə əsas haba çevrilir. Sadəcə, oradan nəyin keçdiyi bəlli deyil.
Bu, təhrifdir, başa düşürsünüz? Bu təhrif, təbii ki, siyasi hərəkətlərdən, öz tərəfinə cəlbetmə cəhdlərindən yaranıb. Bu, hər kəsin uzaqlaşmalı və Cənubi Qafqaza geosiyasi mübarizə meydanı kimi baxmamalı olduğu bir cəhətdir.
Hər halda, biz Azərbaycanda buna nail olmuşuq. Biz geosiyasi intriqalara cəlb olunmağa, heç bir xarici oyunçunun bizi öz məqsədləri üçün, istər başqasına, istərsə də bilmirəm, kimə qarşı istifadə etməsinə icazə verməmişik. İndi isə, inanıram ki, qonşularımız da sözdə deyil, əməldə eyni şeyi etməlidirlər. Bu regionda marağı olan, bölgədə sülhün və əməkdaşlığın olmasına maraq göstərən hər kəs Cənubi Qafqazın bütün ölkələri ilə fərdi əməkdaşlıq formatlarını inkişaf etdirməlidir.
Ermənistanla münasibətlərin normallaşması prosesi başa çatdıqda, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri başladıqda, - indiki kimi deyil, birbaşa, Zəngəzur dəhlizi və ya digər dəhlizlər vasitəsilə, - Cənubi Qafqaz siyasi cəhətdən hansısa üçtərəfli format yaratmağa hazır olduqda, onda vəziyyət fərqli olacaq. Düşünürəm ki, o vaxta qədər düzgün seçim edilməsi və sonradan məyusluq olmaması, yenə lazım olanı seçmədik deməyə ehtiyac yaranmaması üçün hər bir ölkənin potensialının, onun iqtisadi, siyasi, hərbi, demoqrafik və digər imkanlarının ayıq şəkildə qiymətləndirilməsi vacibdir. Ən əsası, əməkdaşlıq etmək istəyən hər kəs, ilk növbədə, bu regionun sülh, qarşılıqlı fəaliyyət və geosiyasi rəqabətdən tam azad bir bölgə olması lazım olduğu mövqeyindən çıxış etməlidir. Hər hansı bir regionun ondan azad ola biləcəyi qədər.
Aleksey Naumov: “3+3” formatı davam edir?
Prezident İlham Əliyev: Yox, yox, biz onu, necə deyərlər, lap əvvəldən başlatdıq və regionun işlərinin region ölkələri tərəfindən həll edilməli olduğu mövqeyindən çıxış etdik. Yeri gəlmişkən, düşünmürəm ki, kimsə bu mövzuya uzun müddətdir qayıdıb. Bəli, yaxşı ki, siz bu barədə xatırladınız.
Biz bunu münaqişədən sonrakı vəziyyət kimi, tam həll yoluna və suverenliyimizin tam bərpasına nail olmaq üçün başlatdıq. Biz təşəbbüs göstərdiyimiz zaman Qarabağın bir hissəsi hələ də işğal altında idi.
Hadisələrin necə inkişaf etməsi və Cənubi Qafqaz ölkələri ilə alyansların dəyişməsi nəzərə alındıqda, bu əməkdaşlığın formatına dair qiymətləndirməmiz təbii olaraq dəyişdi. Yəni, düşünürəm ki, bu mərhələdə bunun tamhüquqlu altıtərəfli və ya beştərəfli əməkdaşlıq, - bilirik ki, Gürcüstan qoşulmayıb, - çox aydın gündəliyi olan beştərəfli əməkdaşlıq olması vacibdir. Bilirsiniz, bu, Azərbaycan və Ermənistan üçün çətir rolunu oynayacaq başqa bir Minsk qrupuna çevrilməsin. Xeyr. Biz bütün regionun - Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycan – hamısının məsələləri ilə bərabər hüquqda məşğul olmalıyıq. Bax, bu konsepsiya hazırda bizim tərəfimizdən əsas hesab olunur. Əgər eyni qavrayış digər paytaxtlarda da qəbul edilərsə, düşünürəm ki, ən azı xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşə tələbat yaranacaq.
Moderator: Rusiya–Azərbaycan münasibətlərinə dair daha bir maraqlı sual idi. Təşəkkür edirik.
Moderator: Rusiya–Azərbaycan münasibətlərinə dair daha bir maraqlı sual idi. Təşəkkür edirik. İndi isə sözü Gürcüstanın “Fortuna Radio Holding” şirkətini təmsil edən Tamara Giqoqidzeyə veririk.
Tamara Giqoqidze: Salam. Cənab Prezident, bizi dəvət etdiyiniz üçün çox sağ olun.
Bura gözəl ölkədir. Mən burada ikinci dəfə oluram. Təxminən 15 il əvvəl də gəlmişdim və bu müddət ərzində burada böyük tərəqqinin şahidi olmuşam. Buna görə Sizi təbrik edirəm.
İlk sualım radio sənayesi ilə bağlıdır. Bu gün dünyanın ən etibarlı və dayanıqlı media vasitələrindən biri olan radio yeni çağırışlarla üz-üzədir.
Avtomobil texnologiyalarının sürətlə inkişaf etməsi həm radio yayımçıları, həm də dinləyicilər üçün ciddi narahatlıq doğurur. Diqqətinizi ona yönəltmək istərdim ki, idxal olunan yeni elektromobillərin sayı artır və onların bir çoxunda FM radio ümumiyyətlə yoxdur və ya avtomobilin ekranında onu tapmaq xeyli çətindir.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən bunu tam dəstəkləyirəm. Yeri gəlmişkən, bilmirdim ki, elektrik avtomobillərdə FM radio yoxdur. Açığını desəm, mən radionu yalnız maşında olanda dinləyirəm. Maşında isə çox tez-tez oluram, çünki ölkənin müxtəlif yerlərinə, əsasən, maşınla səfər edirəm. Hər dəfə getdiyim zaman, radionu dinləyirəm və əsasən, musiqiyə qulaq asıram. Tam səmimi desəm, çünki digər mənbələrdən mənə verilən xəbərlər kifayətdir. Bir sözlə, avtomobili radiosuz təsəvvür edə bilmirəm. O cür maşınla heç bir yerə getmərəm.
Beləliklə, əgər hər hansı elə təşəbbüs olarsa, nə lazım olarsa, qoşularıq. Sadəcə bizə xəbər edin və biz tam bunu dəstəkləyərik. Ölkəmizlə bağlı xoş sözlərə görə də minnətdaram və qonşu üçün düşünürəm 15 il müddət çoxdur. Ümid edirəm, Azərbaycana tez-tez gələcəksiniz, xüsusən də indi artıq qatarımız var. Sağ olun.
Moderator: Bunu eşitmək çox, çox xoşdur. Bəli, əla sual oldu. Əlbəttə, məsələni mediaya çatdırdığınıza görə minnətdaram. İndi isə keçirik Yoşiki Kişidaya. Ümid edirəm ki, düz dedim. O, “JiJi Press” informasiya agentliyinin beynəlxalq məsələlər üzrə icraçı direktorudur.
Yoşiki Kişida: Cənab Prezident, bu fürsətə görə təşəkkür edirəm. Mən hərbi münaqişə zamanı yapon vətəndaşların İrandan təxliyə olunmasında Azərbaycanın yardımına görə birbaşa təşəkkürümü bildirirəm. Yaponiya, həmçinin xam neftin Yaponiyaya təchiz edilməsində Azərbaycanın dəstəyini yüksək dəyərləndirir. Gələcəyə nəzər saldıqda, Yaponiyaya Azərbaycanın xam neftinin artırılması potensialını necə görürsünüz? Enerji sektorundan başqa, yaxın gələcəkdə iqtisadi əməkdaşlığımızın hansı sahədə genişləndirilməsini və yapon şirkətlərindən yardımın göstərilməsini necə görürsünüz? Sağ olun.
Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, hazırda xam neftin Yaponiyaya təchiz olunması əvvəlki vaxtlardan daha əhəmiyyətlidir, çünki ənənəvi təchizat marşrutların pozulması ilə Azərbaycan nefti get-gedə daha mühüm rol oynayır.
Yardımla bağlı sualınıza gəldikdə, hazırda, biz məhsuldar əməkdaşlığın tərəfdarıyıq və düşünürəm ki, hər iki ölkənin yaxşı tərəfdaşlıq tarixçəsi var. Bəzən, o, daha dinamik olub, bəzən az. Bununla belə, bizim müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəmiz var. Bir çox yapon şirkəti Azərbaycanda iri sənaye sahələrdə podratçı kimi işləyib.
Mən yapon şirkətlərinin podratçı qismində tikdiyi bəzi böyük enerji stansiyaların açılışında şəxsən iştirak etmişəm. Yaponiyadan bizə daha çox sərmayələr yatırılmır, lakin ola bilsin, bu, baş verəcək. Düşünürəm ki, biz kifayət qədər bir çox məsələlərdə - enerji, texnologiya, ekologiya sahələrində əməkdaşlıq edə bilərik. Potensial qaydada, müdafiə sənayesi sahəsində əməkdaşlıq edə bilərik, çünki bilirəm ki, Yaponiya öz müdafiə sənayesini inkişaf etdirir. Biz də bunu edirik və təcrübə mübadiləsini həyata keçirə və ola bilsin, bir sıra birgə istehsal sahələrini yarada bilərik.
Bir daha deyim ki, bizim ticari münasibətlərdə əvvəlki illərdə yaxşı təcrübəmiz olub. Bildirim ki, hazırda aramızda daha az layihə var. Ola bilsin, son beş-altı il ərzində, biz İkinci Qarabağ müharibəsindən sonra aramızda o qədər də böyük diplomatik fəaliyyəti görmürük. Lakin, düşünürəm ki, orada potensial var və əməkdaşlığın digər əlavə üstünlüklərini görmək üçün hökumət rəsmiləri, işgüzar dairələr, şirkətlər arasında daha çox görüşlər lazımdır. Çox sağ olun.
Moderator: Çox sağ olun. Əlbəttə, gələcəyə hər zaman ümid var. Davam edək. İndi isə keçək növbəti suala. Çinin Sinxua informasiya agentliyinin Bakı nümayəndəliyinin müxbiri cənab Lyu Şuçın bizimlədir.
Lyu Şuçın: Hörmətli cənab Prezident, salam. Əvvəlcə, forumda iştirak etmək imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.
İki sualım var. Birincisi, keçən il Çin və Azərbaycan arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdı. Hazırkı beynəlxalq mühitdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hansı sahələri prioritet hesab edirsiniz?
İkincisi, Çin və Azərbaycan arasında regional əlaqənin gücləndirilməsi və Orta Dəhlizin inkişafı sahəsində gələcək əməkdaşlıq üçün hansı yeni imkanlar görürsünüz? Çox sağ olun.
Prezident İlham Əliyev: Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub. Biz buna çox şadıq və böyük əhəmiyyət veririk. Bu gün Azərbaycanda daha çox Çin şirkəti var. Onlardan bəziləri artıq böyük investisiyalar qoyur, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edir.
Dövlət səfərim zamanı Çinin bir çox aparıcı şirkətinin rəhbərliyi ilə görüşdüm və məmnunam ki, onların Azərbaycandakı fəaliyyətləri artıq öz nəticələrini verir, həm də çox səmərəli, sürətli və çox yüksək keyfiyyətlə işləyir.
Biz, həmçinin qarşılıqlı fəaliyyətin yeni bir fəslini - müdafiə sahəsində əməkdaşlığı açdıq. Azərbaycan artıq müəyyən hərbi məhsullar əldə edib, onlardan bəziləri Qələbəmizin beşinci ildönümünə həsr olunmuş paradda nümayiş etdirilib, bəziləri hələ yoldadır, digərləri isə hələ də müzakirə mərhələsindədir. Buna görə də biz hərbi-texniki təminat sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq.
Orta Dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən, Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur.
Onu da qeyd etməliyəm ki, Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir.
İkitərəfli əməkdaşlığın ən son mühüm hadisələrindən biri kimi, hazırda şəhərdə gördüyümüz BYD elektrik avtobuslarının birgə istehsalını da qeyd edərdim. Bizdə avtobuslar üçün iki rəng var: elektrik avtobusları üçün yaşıl, ənənəvi avtobuslar üçün isə qırmızı. Nə qədər çox yaşıl avtobusumuz olsa, bir o qədər yaxşıdır.
Beləliklə, çoxlu sayda layihə var. Münasibətlərimizin inkişaf istiqamətindən çox məmnunuq və həmçinin idarəetmə səviyyəsində siyasi qərarların qəbul edilməsindən tutmuş konkret layihələrin həyata keçirilməsinə qədər olan vaxtın çox qısa olmasına sevinirik. Belə olan halda, bu, Çin şirkətlərini bir çox digərlərindən fərqləndirir, bəziləri ilə aylarla, bəlkə də illərlə danışıqlar aparmalı oluruq və nəticədə istehsalın qurulması prosesi uzanır. Bu halda hər şey tam olaraq cədvələ uyğun gedir, ona görə də həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlıq edən bütün xidmətlər çox məmnunuq. Buna görə də sizə təşəkkür edirəm.
Moderator: Çox sağ olun. Digər əla sual verildi. Rusiyadan Gürcüstana, Yaponiyadan Çinə keçdik, indi isə gəldik Argentinaya. Sözü veririk Sesiliya Deqel İnnosentiyə. O, Argentinanın “Perfil” mətbu orqanının xarici müxbiridir.
Sesiliya Deqel İnnosenti: Cənab Prezident, Sizi görməyimə şadam və məni dəvət etdiyinizə görə minnətdaram. İlk dəfədir Azərbaycandayam. Azərbaycan münaqişə bitdikdən sonra ərazi bütövlüyü prinsipinin qəti müdafiəçisidir. Bununla belə, Argentina, həmçinin Birləşmiş Krallıqla Malvinas adalarının suverenliyi ilə bağlı mübahisəyə eyni prinsiplə yanaşır. Əlbəttə, bu, tərəfləri danışıqlarını davam etdirməyə çağıran BMT-nin qətnamələrinə uyğun edir. Cənab Prezident, Argentina xalqına bu məsələ ilə bağlı hansı mesajı verərdiniz? Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Məsələnin nə dərəcədə həssas olduğunu bilirəm. Hətta hələ tələbə olarkən və diplom işim üzərində çalışarkən mövzu İngiltərə-Argentina münaqişəsinə aid idi, çünki həmin vaxt baş vermişdi. Məncə, hadisə 1981-ci ildə baş verib, mən isə 1982-ci ildə təhsilimi bitirirdim. Hadisə yenicə baş vermişdi. Baş verən hadisələrin təhlilini 30 səhifədə yazdım. Düşünürəm, məsələnin yaxşı tərəfi odur ki, həmin vəziyyətə baxmayaraq, iki ölkə, yəni Birləşmiş Krallıq və Argentina yaxşı münasibətləri saxladılar. Bəlkə də bircə məsələdən başqa. Yaxın günlərdə onları yarımfinalda mübarizə gözləyir. Lakin o, həmçinin ilk deyil. Yadımdadır, əvvəllər də qarşılaşma olub və düşünürəm ki, həmin məsələni yaxşı məramla, danışıqlar yolu ilə həll etmək yaxşıdır. Əlbəttə ki, hər hansı ölkənin ərazi bütövlüyü kimi fundamental məsələnin həlli beynəlxalq hüququn normaları, BMT Təhlükəsizlik Şurasının və ya Baş Assambleyasının müvafiq qətnamələri əsasında olmalıdır.
Sizin qeyd etdiyiniz kimi, Azərbaycan həmin prinsipin qəti müdafiəçisidir. O, birmənalı olaraq bir faktla bağlıdır ki, bizim ərazi bütövlüyümüz pozulmuşdu. Amma hətta biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra belə həmin mövqedən geri çəkilmədik. Biz həmin məsələyə heç zaman siyasi üstünlüklər və ya ölkələrlə münasibətlər prizmasından baxmamışıq. Biz həmin məsələyə ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşırıq. Mesajıma gəldikdə, bilirsiniz, o, hüquqları müdafiə etməyi, suverenliyi qorumağı ehtiva edir. Eyni mesajı Ukraynadakı dostlarımıza ötən il verdik. Uzun yol qət edib gəldiyinizə görə bir daha çox minnətdaram. Qarşıdakı günlərdə komandanıza uğurlar arzu edirəm.
Moderator: Aydındır. İndi isə Argentinadan Pakistana keçirik. Bu gün burada Pakistan Televiziyasının rəhbəri Adil Şahzaib bizimlədir.
Adil Şahzaib: Zati-aliləri, çox sağ olun. Hazırda biz Pakistanda belə deyirik ki, Azərbaycanda əgər kimin üzündə təbəssüm yoxdursa, demək, o, Pakistandandır. Onların üzündə böyük təbəssüm görürsünüz. Adi münasibətlərdən qardaşlığa keçdik, bir-birimizi dəstəklədik və hər zaman belə də olacaq. Hazırda xalqlar arasında əlaqələr çox inkişaf edib. Buna görə Sizə və heyətinizə təşəkkür düşür. Sualım sülh ilə bağlıdır. Zati-aliləri, Siz haqlı olaraq qeyd etdiniz ki, Baş nazir Şahbaz Şərif və feldmarşal Asim Munir yorulmadan çalışdılar və dövlət yayım şirkətinin rəhbəri kimi, ilk prosesi İslamabadda birbaşa izləyə bildim. İnanın mənə, nümayəndələrimiz demək olar, 24 saat yatmadılar. Pakistan olmasaydı, düşünmürəm ki, həmin atəşkəsi görə bilərdik. Bizim üçün dayanmadan iş oldu. Zati-alinizin Baş nazir Şahbaz Şərifə və feldmarşal Asim Munirə ünvanlanan mesajı hansı olardı? Xüsusi olaraq, regionda uzunmüddətli sülh üçün daha nə edilə bilər? Sağ olun.
Prezident İlham Əliyev: Mesajlar ən xoş arzulardan ibarətdir və əlbəttə, istəyim onların böyük səylərinin davam etməsidir. Mən əziz qardaşım Baş nazir Şahbaz Şərifə zəng etdim və əsasən, Pakistanın vasitəçi səyləri sayəsində əldə olunmuş həmin razılaşma münasibətilə təbrik etdim. Bu, bir daha ölkənizə olan böyük beynəlxalq nüfuzu göstərdi. Siz yeganə ölkə oldunuz ki, həmin məsuliyyəti öz üzərinizə götürdünüz və vasitəçiliyə müvəffəq oldunuz.
Biz, həmçinin hadisələri izlədik. Baş nazir və feldmarşalın, onların heyətlərinin həmin məsələyə özlərini tam ithaf etdiklərini gördük. Əminəm ki, son hadisələri və yeni gərginliyi nəzərə alaraq, onlar qarşıdurmanın dayandırılması üçün əllərindən gələni edəcəklər. Düşünürəm ki, Pakistandan başqa heç kəs onu edə bilməyəcək. Bu, ölkənizin bacarığının, liderlərinizin qabiliyyətinin, nəinki bu məsələyə görə, bütövlükdə qazandığınız böyük beynəlxalq hörmətin daha bir təzahürüdür.
Adil Şahzaib: Məndən soruşurlar, siz həqiqətən səyahətin çətinləşdiyinə görə Pakistana qayıda biləcəksiniz?
Prezident İlham Əliyev: Ölkəmizə xoş gəlmisiniz. Nə qədər lazımdırsa, burada qala bilərsiniz.
Moderator: Sağ olun, cənab Prezident. Siz bizə vaxtınızın iki saatını nəzakətlə ayırdınız. Bilirəm vaxt bitir. Əgər Sizin üçün məqbuldursa, bizim bir neçə digər sualımız da var. Hazırda keçək cənab Johongir Olimova. O, Sevimli TV kanalının müxbiridir. Ümid edirəm düz tələffüz etdim. Sevimli TV kanalı. Buyurun.
Johongir Olimov: Salaməleyküm, möhtərəm Prezident. Sualımı Azərbaycan dilində verməyə çalışacağam. Möhtərəm Prezident, mən Qarabağda bundan dörd il əvvəl olmuşdum. O vaxt bu bölgənin yenidən qurulması işləri sürətlə aparılırdı. Bu gün Qarabağa, bütün Azərbaycanın və Qafqazın mədəniyyət mərkəzi olan Şuşa şəhərinə yenidən gələrək böyük dəyişikliklərə şahid oldum. Sizin siyasi iradəniz və böyük Azərbaycan xalqının zəhməti ilə bu gözəl şəhər, bu gözəl Qarabağ yenidən öz tarixi mövqeyini bərpa edir. Bu münasibətlə icazə verin, Sizi təbrik edim.
İndi isə sualıma keçim. Son illər ərzində Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyəyə çatmışdır. Bu isə bütün Mərkəzi Asiya ilə Qafqaz arasındakı münasibətlərə güclü dinamika vermişdir. Sözlərimin parlaq təsdiqi Azərbaycanın Mərkəzi Asiya liderlərinin Məşvərət görüşləri formatına qoşulmasıdır. Bu gün hətta beynəlxalq siyasi ekspertlər “Mərkəzi Asiya+Azərbaycan” formatını Böyük Mərkəzi Asiya adlandırırlar. Siz regionlarımızın bu yaxınlaşmasını necə qiymətləndirirsiniz və Özbəkistan Prezidentinin bu prosesdəki rolunu necə görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində bizim dostluq, qardaşlıq münasibətlərimiz dayanır. Hörmətli Prezident Şavkat Miromonoviçlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər – Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib.
Hər dəfə Özbəkistanda olanda bir daha əmin oluram ki, bizim xalqlarımız nə qədər bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə heç bir tərcüməyə ehtiyac yoxdur. Dillərimiz də bir-birinə çox bənzəyir. Təbii ki, tələffüzdə bir qədər fərq var, amma prinsipcə hər şey anlaşılır. Bizi çox böyük tarixi əlaqələrimiz birləşdirir və Özbəkistanla münasibətlərin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, Özbəkistan öz qardaşlıq missiyasını təkcə məktəblə yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki yenə də Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə birlikdə biz o fabriki ziyarət etmişik.
Bir çox iqtisadi-sənaye layihələri icra edilir. Həm Azərbaycan investisiyaları, həm Özbəkistan investisiyaları qoyulur. Biz 500 milyon dollar dəyərində birgə sərmayə fondu yaratdıq. Bu sərmayə fondu həm Özbəkistanda, həm Azərbaycanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycanın neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə bir müjdə, xoş xəbər verəcəklər. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir və ümid edirəm ki, “Üstyurt” yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq.
O ki qaldı, Azərbaycan-Mərkəzi Asiya formatına, burada da Prezident Mirziyoyevin müstəsna xidmətləri, xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu Məşvərət Şurasına qoşuldu. Mən fəxri qonaq qismində iki dəfə Zirvə görüşlərinə dəvət edilmişdim, son dəfə isə artıq Azərbaycan-Mərkəzi Asiya vahid bir Məşvərət Şurası yaradılmışdır. Bu, bizi çox qürurlandırır, çox sevindirir. Bu, deyə bilərəm ki, nadir bir hadisədir. Çünki biz coğrafi nöqteyi-nəzərdən, təbii ki, Cənubi Qafqazda yerləşirik. Amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclüdür və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər.
Bu gün bu, geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Çünki beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda, bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, deyə bilərəm ki, Prezident Şavkat Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynamışdır. Fürsətdən istifadə edərək, özbək qardaşlarımızı əldə edilmiş bütün uğurlar münasibətilə təbrik etmək istəyirəm. Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər dəfə orada yenilikləri görəndə çox sevinirəm. Bilirəm ki, qardaş özbək xalqı və dövləti Prezident Mirziyoyevin rəhbərliyi ilə uğurla, inamla irəliləyir. Sizə də “Xoş gəlmisiniz!” deyirəm.
Moderator: Sözü Dünya İnformasiya Agentlikləri İttifaqının sədri, TASS informasiya agentliyinin sabqd direktor müavini Mixail Qusmana verirəm.
Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hörmətli Prezident, vəd edirəm ki, sualım keçənilki kimi toksik olmayacaq. Əminəm ki, bu, baş verməyəcək.
Bilirsiniz, mən dördüncü forumun iştirakçısıyam və bütün forumlarda Sizə suallar vermək şərəfinə nail olmuşam. Çox vacib bir detalı sizinlə bölüşmək istərdim. 2024-cü ildə Respublikaçılar Partiyasının qurultayından qayıdarkən Sizə sual verərkən, ABŞ-nin gələcək prezidenti ilə bağlı proqnozlarınız barədə soruşanda, Siz prezidenti səhvsiz müəyyən etdiniz və eyni zamanda, Azərbaycan-Amerika münasibətlərinin inkişafını düzgün proqnozlaşdırdınız.
Keçən il bu sualı xatırladım və təbii ki, cavabınızı da buna görə yadıma saldım. Xarici siyasətinizin ən vacib keyfiyyətlərindən - dürüstlük və açıqlıqdan danışdınız. Əslində, bütün söhbətiniz boyu bunu təsdiqlədiniz.
Sualıma keçməzdən əvvəl, İlham Heydər oğlu, icazə verin, Sizə məruzə edim, bəlkə də xəbəriniz yoxdur. 1986-cı ildə, məni Moskvaya Gənclər Təşkilatları Komitəsində işə göndərəndə respublikanın partiya rəhbəri dedi: “Nəzərə alın ki, sizi ezamiyyəyə göndəririk”. Sizə bildirmək istəyirəm ki, 39 illik ezamiyyə müddətim başa çatdı, Vətənimə qayıtdım. Vətənimdə olduğum üçün xoşbəxtəm və burada işləmək, yəqin ki, müəyyən anlayışım olan bir sahədə ona fayda gətirmək imkanı əldə etməkdən məmnun olacağam.
Sualıma gəldikdə bu, mənə, xüsusən də bu günə təsadüf etdiyi üçün olduqca vacibdir. Bu gün biz - Siz də ABŞ ilə münasibətlərin nə qədər uğurlu və parlaq şəkildə inkişaf etdiyindən danışdınız. Rusiya ilə münasibətlərin 2022-ci ildə imzaladığımız müqavilənin ruhuna necə qayıtması barədə danışdıq. Avropa, Çinlə münasibətlər.
Eyni zamanda, “Gələn yay nə baş verəcəyini kim bilə bilər? Şimalda müharibə var, yaxınlıqda mərmilər düşür” kimi bir fraza səsləndirdiniz. Beləliklə, Sizin fikrinizcə, təhlükə nədən ibarətdir, strateji təhlükə? Orta və ya uzunmüddətli perspektivdə Azərbaycanın strateji sabitliyinə təhdiddir? Çünki görünürdü ki, bir az nəfəs ala bilərik və hər şey yaxşı olacaq. Amma hər halda, Azərbaycan üçün strateji potensial təhdidlər nələrdir? Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Sualınıza cavab verməzdən əvvəl ola bilər ki, Mixail Qusmanı tanımayanlar üçün qeyd edərdim: o, Azərbaycan xalqının layiqli oğludur. Özü də dediyi kimi, təxminən 40 il Rusiyada ezamiyyədə olub, amma Azərbaycanla əlaqəni heç vaxt kəsməyib, həmişə bizimlə birlikdə olub, daim uğurlarımıza sevinib və çətinliklərə şərik olub.
O, İkinci Qarabağ müharibəsi zamanı praktik olaraq burada yaşayıb və cəbhə xəttindən reportajlar hazırlayıb ki, bu da onun xarakterini, xalqına, ölkəsinə münasibətini nümayiş etdirib, həm də bizə çox kömək edib... Zəhmət olmasa, əyləşin. Bizə informasiya blokadasını yarmağa kömək ediblər.
Hazırkı vəziyyətdə o, burada zərərçəkənlər adından danışır. Bilməyənlər üçün deyim ki, keçən il məhz bu forumda mənə verilən bir suala görə, - düşünürəm ki, o, eyni yerdə oturmuşdu, - bəli, onilliklərini həsr etdiyi, əslində rəhbərlik etdiyi və TASS-ın beynəlxalq xəbər agentliyi kimi inkişafı üçün çox iş gördüyü təşkilatdakı vəzifəsindən uzaqlaşdırıldı.
Keçən il Rusiyadan başqa zərərçəkənlərimiz də oldu, amma bu gün onu görmədim. Ola bilər ki, artıq həbs ediblər? Allah qorusun, əlbəttə ki, Allah ona cansağlığı qismət eləsin. Amma birini sadəcə Azərbaycan Prezidentinə müsbət sual verdiyinə görə vəzifəsindən azad ediblər, digəri isə sadəcə Azərbaycan haqqında müsbət fikirlər söylədiyi üçün xarici agent elan olunub. Ona görə də, Aleksey, ehtiyatlı ol. Amma bu, sanki bir müqəddimədir.
Potensial risklərə gəldikdə, dəfələrlə bildirmişəm ki, xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır.
Siyasi xarakterli risklərə gəldikdə isə onlar əhəmiyyətsiz dərəcədə azdır. Biz, həmçinin ideoloji diversiya ilə bağlı risklər gözləmirik, çünki bu günə qədər onlar çox olub, lakin heç biri uğurla nəticələnməyib. Azərbaycan hökuməti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə qətiyyətlə sadiqdir.
Fiziki risklər - bəli, onlar mövcuddur. Bu gün heç kim onlardan sığortalana bilməz. Müasir reallıqlar və döyüş əməliyyatlarının aparılması üzrə müasir növlər nəzərə alınmaqla, bəlkə də nadir istisnalarla, heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. Buna görə də əsas risk, əlbəttə ki, müharibə edən iki ölkə arasında yerləşən ölkə üçündür və hər iki dövlət üçün gözlənilməz nəticələri olduqda, həm müharibələrin aparıldığı çərçivədə, həm də müharibədənsonrakı dövrdə.
Çünki müharibə özlüyündə böyük faciədir, lakin uzunsürən müharibə hərbi əməliyyatın özündən heç də az olmayan risklər daşıyır. Müharibədənsonrakı dövr, - ölkələrin bundan necə çıxması, nəticələri və fəsadları ilə necə mübarizə aparması, - əlbəttə ki, proqnozlaşdırılması və cavabı çətin olan sualdır.
Buna görə də bu gün bizim üçün yeganə risk Azərbaycanı hansısa avantüraya cəlb etmək cəhdləridir. Keçmişdə də belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz onları həmişə uğurla dəf etmişik və praktik olaraq dayandırılıb. Bu gün onlar daha ciddi və daha təhlükəli xarakter alıb.
Ona görə də, necə deyərlər, özümüzü müdafiə etmək bizə yad deyil, konsolidasiya olunmuş birlik ilə mübarizə aparmaq da. Təhlükəsizliyimizi, sərhədlərimizi, təhdidlərə qarşı mübarizə sistemlərimizi gücləndirmək - hər halda, 2003-cü ildən bəri məşğul olduğumuz bundan ibarətdir. Görünür, gücüm imkan verdiyi qədər bununla məşğul olmağa davam edəcəyəm.
Bu proses heç vaxt bitməyəcək, bax, siz qeyd etdiniz, bir il əvvəl danışdığımızı. Bəli, bir az nəfəs ala bilərdik, amma bu şansımız olmayacaq. Hətta 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Qələbədən sonra bir saniyə belə nəfəsimizi dərmədik. Düzünü desək, bayram etmək üçün nə vaxt, nə də istək var idi. Çünki o qədər çox bayram etmək olar ki, hər şeyi gözdən qaçıra bilərsiniz.
Biz dərhal sonrakı hazırlıqlara başladıq. 2023-cü ildən sonra, bu cür açıq təhdidlər və Azərbaycana qarşı sanksiya cəhdləri başlayanda, demək olar ki, bu günə qədər müqavimət göstərdik. İndiyə qədər. Həm də müxtəlif cəbhələrdə.
Beləliklə, orta güc meyarlarından danışarkən, o zaman bunu nəzərdən qaçırdım. Bəlkə də başqa bir meyar birdən çox cəbhədə müqavimət göstərmək bacarığıdır. Çünki münaqişəmizi hansısa biri ilə müqayisə etmək istəmirəm, amma bəzi hallarda səni dəstəkləyən bir qrup ölkə və sənə hücum edən bir və ya bir qrup ölkə var. Bizim vəziyyətimizdə isə hər şey tamamilə fərqli idi. Həm fiziki, həm də siyasi cəhətdən bütün cəbhələrdə müqavimət göstərməli olurduq və bu, indiyədək baş verir.
Bu səbəbdən sakit həyat olmayacaq. Qoy, heç kim buna ümid etməsin, o cümlədən siz də. Zərərçəkən kimi, sizin əlbəttə, reabilitasiyaya ehtiyacınız var. Baxın, Şuşa kurort şəhəridir, ona görə də sizə burada daha çox vaxt keçirməyi, forumdan sonra da qalmağı arzulayıram. Sizi sağlam vəziyyətdə görməyimə də şadam. Bir dəfə Ramiz Yunusa demişdim: Vətənə xoş gəldiniz. Qayıtmağınız münasibətilə Sizə də deyirəm: Xoş gəldiniz.
Moderator: Təəssüf ki, vaxtımız azalır və istərdim, son iki sualımızı verək. Sözü “Qazkontent” şirkətinin Müşahidə Şurasının sədri Adil Sayfullinə verirəm.
Adil Sayfullin: Əssalamu-əleykum, cənab Prezident, möhtərəm İlham Heydər oğlu.
Əvvəlcə, qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Bu gün Qazaxıstan və Azərbaycan ikitərəfli əməkdaşlığın ən yüksək səviyyəsindədir, həmçinin ölkələrimiz - orta güclər adlanan dövlətlər müstəqil şəkildə yeni logistika və iqtisadi marşrutları inkişaf etdirə biləcəklərinə dair nümunə göstərirlər. Artıq Xəzər dənizindən keçən, Asiya ilə Avropa arasında mühüm bir əlaqəyə çevrilən Orta Dəhliz buna misaldır.
Sualım belədir: Bu prosesdə Qazaxıstanla strateji tərəfdaşlığı və Prezident Tokayev ilə şəxsi qarşılıqlı fəaliyyəti necə qiymətləndirirsiniz? Sağ olun.
Prezident İlham Əliyev: Qarabağın bərpasında göstərilən köməyə görə Prezident Tokayevə çox minnətdaram. Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Kasım-Jomart Kemeleviç və mən bu mərkəzi birlikdə açdıq və azad edilmiş ərazilərin bərpasında qardaş xalqımızın dəstəyinə görə çox minnətdarıq.
Əlbəttə, Prezident Tokayev ilə şəxsi münasibətlərimiz ikitərəfli formatda və regional əməkdaşlıqda mühüm amildir. Bizim çox geniş gündəliyimiz var. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr olaraq sıx qarşılıqlı fəaliyyət göstəririk. Mahiyyət etibarilə, Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil.
Sevinirik ki, infrastrukturun yaradılması və genişləndirilməsi üzrə paralel işlər aparılır. Artıq Azərbaycandan bəhs etmişəm. Bilirəm ki, Qazaxıstan da liman infrastrukturunun genişləndirilməsi üçün çox iş görür.
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı artıq mövcuddur. Tarif siyasəti, rəqəmsallaşdırma, gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi və bir çox digər mühüm məsələlər müzakirə edilir və həll olunur.
2024-cü ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair Bakıda müqavilə imzaladıq. Artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Bununla yanaşı, Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik.
Qazaxıstandan müəyyən həcmdə neft Azərbaycan ərazisindən nəql olunmağa başlayıb. Beləliklə, iki ölkə bu regionda sıx əməkdaşlıq edir. Əlbəttə ki, biz Prezidentin rəhbərliyi ilə Qazaxıstanın sürətli inkişafından məmnunuq.
Bu yaxınlarda tarixi Türküstan şəhərinə səfər etdim və onun tarixi irsinin nə qədər diqqətlə qorunub saxlanması və ulu əcdadlarının xatirəsinin ehtiramla yad edilməsi məndə dərin təəssürat yaratdı. Beləliklə, münasibətlərimizin necə inkişaf etməsindən çox şadam və qardaş Qazaxıstan xalqına yeni uğurlar arzulayıram. Sizə “Xoş gəlmisiniz” deyirəm.
Moderator: Bəli, qeyd olunduğu kimi, vaxtımız artıq başa çatmaq üzrədir. Cəmi iki sualımız qalıb. İndi yenidən Afrikaya üz tuturuq, daha sonra isə son sualla yerli iştirakçıya söz verəcəyik.
Beləliklə, “K254 Media Africa” media qurumunun direktoru cənab Muhoro Piusa söz veririk. Xoş gəlmisiniz.
Muhoro Pius: Zati-aliləri cənab İlham Əliyev, ilk növbədə, Afrikanın Azərbaycanın təşəbbüslərində fəal iştirakını yüksək qiymətləndirmək istərdim. Buraya COP29, birincidən dördüncüyədək Şuşa Qlobal Media Forumları, eləcə də bu yaxınlarda başa çatmış Ümumdünya Şəhərsalma Forumu daxildir.
Sualım Afrika ilə bağlıdır. Afrika 54-dən çox dövləti birləşdirən qitədir və onların heç biri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü deyil. Afrikanın təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq səviyyədə kimin çıxış etdiyi bəlli deyil. Afrika qitəsi Sudan, Sahel bölgəsi, Konqo Demokratik Respublikasının şərq hissəsi və digər ərazilər də daxil olmaqla sülh və təhlükəsizlik sahəsində ciddi problemlərlə üzləşir. Bu baxımdan, Afrikada sülh, əməkdaşlıq və vasitəçilik istiqamətində gələcəkdə nə gözləyə bilərik? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bildiyiniz kimi, islahatlarla bağlı bu məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vaxtaşırı müzakirə olunur. Lakin indiyədək hər hansı nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Azərbaycanın bu məsələ ilə bağlı öz mövqeyi var və olub. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə biz Təhlükəsizlik Şurasında islahatlarla bağlı öz təklifimizi irəli sürmüşük. Çünki hesab edirik ki, bu islahat inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır.
Bizim təklifimiz bundan ibarət idi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin və məsələn, Hərəkata hazırda sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi Təhlükəsizlik Şurasında təmsil olunsun. Eyni qaydada bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli tarazlıq yaradardı.
Biz bilirik ki, bəzi ölkələr Təhlükəsizlik Şurasına üzv olmaq istəyirlər. Lakin əgər nə vaxtsa islahat həyata keçirilərsə, onda nə üçün digərinin deyil, məhz bu ölkənin üzv seçilməli olduğunu müəyyən edən meyarların tapılması olduqca çətin olacaq. Nə əhalinin sayı, nə də iqtisadi potensial belə meyar ola bilməz. Ona görə də bizim təklifimiz, ilk növbədə, inklüzivlik prinsipinə əsaslanır. Bu, rotasiya prinsipi ilə həyata keçirilə bilər. Necə ki, hazırda Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti rotasiya prinsipi əsasında seçilir. Lakin bu halda həmin yer veto hüququna malik olmalıdır.
Bu, mütləq baş verməlidir. Əks təqdirdə, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq.
Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, hamımız sülh istəyirik. Afrikada sülhün bərqərar olması dünyanın hər hansı digər bölgəsində olduğu kimi, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu gün də bəzi qaynar nöqtələrin mövcud olmasının əsas səbəblərindən biri kənar müdaxilələrdir. Əgər xarici müdaxilələr aradan qalxarsa, sülh çox tezliklə bərqərar ola bilər. Əlbəttə, burada həmin proseslərdə iştirak edən əsas tərəflərin məsuliyyəti də həlledici rol oynayacaq.
Yeri gəlmişkən, Afrika İttifaqına üzv ölkələrlə münasibətlərimiz də getdikcə inkişaf edir. Biz Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə, xüsusilə COVID-19 pandemiyası zamanı 80 ölkəyə humanitar yardım göstərmişik. Həmin ölkələrin böyük əksəriyyəti Afrika qitəsini təmsil edirdi.
Forumda bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edirəm. Dostlarınıza da bizim salamlarımızı çatdırın.
Moderator: Yaxşı sual idi. Bugünkü sessiyamızın son sualını yerli kanala veririk. Söz verilir “Real TV”dən Mirşahin Ağayevə.
Mirşahin Ağayev: Təşəkkür edirəm. Cənab Prezident, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, bunu hamımız bilirik. Artıq dörd ildir ki, Şuşa həm də dünyanın media və düşünən beyinlərinin paytaxtıdır. Bu, heç də təsadüfi deyil. Bir neçə hadisəni sadəcə statistik olaraq xatırladacağam. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub, Azərbaycan Respublikasının dövlət suverenliyi təmin olunub, ATƏT-in Minsk qrupu ləğv olunub, Azərbaycan Respublikası Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə birlikdə, Nikol Paşinyanla sənəd imzalaması tarixi hadisəsi baş verib. Onun ardınca BMT Baş Assambleyasında Azərbaycan liderinin dünyaya sülh müraciəti olub. Bunların hamısı sadəcə olaraq bir insanı yox, bir xalqı yox, bütün bəşəriyyəti xoşbəxt edə biləcək qədər böyük hadisələrdir.
Sizi dünyanın bütün liderlərindən fərqləndirən bir xüsusiyyət var. Bu xüsusiyyətin adı odur ki, Siz XXI əsrdə yeganə lidersiniz, Azərbaycan Respublikası yeganə respublikadır ki, qələbə qazanıb. Bu isə Sizə müəyyən bəşəri hüquqlar və haqlar tanıyır.
Mənim indi verəcəyim sual belə olacaq: Azərbaycan Respublikasının, yeganə qalib respublika olan Azərbaycanın, Prezident İlham Əliyevin, yeganə qalib Prezident İlham Əliyevin Şuşada, bax bugünkü Forumda bəşəriyyətə yeni tarixi dönəm üçün müraciəti və səslənişi. Böyük məmnuniyyət və məsuliyyətlə bu səslənişə, bu müraciətə qulaq asacağam və burada iştirak edən bütün həmkarlarımdan, qonaqlarımızdan da xahiş edəcəyəm ki, bu müraciətin yayılmasında ən yaxından iştirak etsinlər. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sözün düzü, bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar mənim tərəfimdən. Bildiyiniz kimi, mən həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim, baxmayaraq ki, artıq 23 ilə yaxındır bu kürsüdəyəm. Bu illər ərzində Azərbaycan haradan-haraya gəlib, indi xalqımız da yaxşı bilir, siz də bəlkə də hamıdan yaxşı bilirsiniz. Çünki siz müasir Azərbaycan tarixini bəlkə də ən dərindən və yaxından bilən şəxslərdən birisiniz.
Ta 1990-cı illərin əvvəllərindən, bəlkə də ondan da qabaq, bizim bütün ağrılı dövrlərimiz sizin gözünüzün önündən keçib. Birinci Qarabağ müharibəsini işıqlandırmısınız, İkinci Qarabağ müharibəsini işıqlandırmısınız. Ona görə bu tarixi, yenə də deyirəm, Azərbaycanda sizin qədər bilən və Azərbaycan ictimaiyyətinə və dünyaya çatdıran bəlkə də ikinci şəxs çətin ki, tapılsın.
Mənimsə müraciətim ancaq Azərbaycan xalqına ola bilər. Azərbaycan xalqına bir çox müraciətlərim olub müxtəlif dövrlərdə. Həm işğal dövründə, həm müharibə dövründə, müharibədən sonra. Əlbəttə ki, bu müraciətlər də məzmunca fərqlənib, çünki fərqli bir situasiyada idik.
İşğal dövründə müraciətim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər. Onlar iradələrini möhkəm tutsunlar və mənə inansınlar ki, biz bu torpaqlara qayıdacağıq. Bu barədə bir neçə dəfə danışmışam, yenə də fürsət düşmüşkən deyə bilərəm ki, illər keçdikcə görürdüm onların ümidləri yavaş-yavaş tükənir. İnsanların gözlərindəki o nisgil, o ümidsizlik daha çox sezilir. Mən isə onlara deyə bilmirdim ki, nə vaxt nə olacaq. Deyirdim ki, inanın və onlar da inanırdılar. 17 il, - bu, az müddət deyil, - 17 il gözləyirdilər, mənim sözlərimə inanırdılar və ümumiyyətlə, aparılan işlərə də həmişə dəstək olurdular.
Müharibə dövründəki müraciətlərim də yaxın tarixin hadisələridir, bunu təkrarlamaq istəmirəm. Müharibədənsonrakı dövr, bu, çox yəni çətin dövr idi. Müharibə qədər olmasa da, çox çətin idi. Çünki müharibənin nəticələri dünya birliyi tərəfindən qəbul edilməli idi. Onu qəbul etmək istəməyən kifayət qədər qüvvətli dövlətlər, dairələr, ayrı-ayrı şəxslər var idi. Bizim ya qələbəmizi əlimizdən almaq, ya onu yarımçıq etmək, ya da ki, yenə Azərbaycanı asılı vəziyyətdə saxlamaq, yəni Azərbaycan ədalətin tam bərpasına nail olmasın deyə müxtəlif fitnələr təşkil etmək. Bütün bunları biz yaxşı xatırlayırıq.
Mənim də müraciətlərim ondan ibarət idi ki, - mən bu barədə artıq dedim, - biz bu müharibədəki Qələbəni gəlin, indi qeyd eləməyək, gəlin, necə deyərlər, daha fəal olaq, çünki hələ görüləsi işlər çoxdur. Bir qrup keçmiş köçkün də bax bu sözlərə yenə də inanıb gözləyirdi ki, o gün gələcək, onlar da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Srağagün mən onların bir qrupu ilə görüşmüşdüm. Həm Qaladərəsi kəndində, həm də Güneyxırman və Quzeyxırman kəndlərində. Demişdim ki, 2020-ci ildə müharibə bitəndə, biz zəfər çalanda bu torpaqlar hələ işğal altında idi. Amma siz inanırdınız ki, gün gələcək, biz bu torpaqlara da qayıdacağıq və o gün gəldi, lazım olan vaxtda.
Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik. Bu gün mən artıq bu barədə dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, daha uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında, o vaxt müstəqil olmayan Azərbaycan Respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə daha çox verirdik, nəinki alırdıq. Cəmi iki respublika var idi. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə çevrilmişdi. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi.
Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq.
Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün.
Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.
Moderator: Cənab Prezident, qeyd etdiyiniz kimi, hər şey növbəti nəslin gələcəyi naminədir.
Bizə vaxt ayırdığınıza görə Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Çox məzmunlu və səmərəli iki saat yarımlıq müzakirə oldu. Şəxsən mənim üçün bu vaxt çox sürətlə keçdi. Bizə ayırdığınız vaxta görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Bu gün beynəlxalq media nümayəndələrinin iştirakı ilə, sözün əsl mənasında, dünyanın bütün bölgələrini əhatə edən mövzulara toxunduq.
Xanımlar və cənablar, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi alqışlayaq.
Çox sağ olun.
























